Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Kremldən İrəvana “ONLAR İŞĞAL EDƏCƏK” xəbərdarlığı:Ermənistanda “dövlət işində dövlət” necə yaranacaq

“Zəngəzur dəhlizi” Cənubi Qafqazın ən önəmli "geopolitik düyünlər"indən birinə çevrilə bilər... Əsas məsələ bu nəqliyyat-kommunikasiya xəttinin haradan keçməsi deyil, məhz həmin marşrutun arxasında hansı qlobal gücün dayanması olacaq...

Yenixeberorg.biz: Ermənistanın cənubundan keçəcək “Tramp marşrutu” ətrafında geopolitik mübarizə getdikcə, daha sərt xarakter almaqdadır. Kremldən verilən son açıqlamalar isə Rusiyanın bu təşəbbüsə yalnız iqtisadi və logistika layihəsi kimi yanaşmadığını göstərir. Yəni, Rusiya üçün bu marşrutun hansı qüvvənin nəzarətində olacağı və Cənubi Qafqazda formalaşmaqda olan yeni güc balansına necə təsir göstərəcəyi daha böyük böyük önəm daşıyır.

Onu da qeyd etmək lazımdır ki, Kreml Ermənistanın cənubunda nəqliyyat-kommunikasiya sisteminin inkişafı üçün alternativ variantların mövcudluğunu vurğulayır. Rusiya həmin bölgədə vaxtilə mövcud olmuş dəmir yolu və tranzit bağlantılarının bərpasını dəstəklədiyini bildirir. Yəni, Kremldə əmindirlər ki, sovet dövründə mövcud olmuş nəqliyyat infrastrukturu yenidən işə salınsa, bu, Cənubi Qafqazın tranzit potensialının artırılmasına xidmət edə bilər.

Digər tərəfdən, Rusiya alternativlərdən biri kimi, Ermənistan-İran dəmir yolu bağlantısının bərpasını və onun Naxçıvan ərazisinə doğru tranzit xətti ilə təmin olunmasını da təklif edir. Kremldə hesab edirlər ki, bu variant yeni infrastrukturun sıfırdan yaradılmasından daha real və iqtisadi baxımdan, səmərəli ola bilər. Rusiya rəsmiləri “Şimal-Cənub” layihəsini də örnək göstərərək, regionda nəqliyyat dəhlizlərinin inkişafının bütün ölkələr üçün tranzit gəlirlərini artıracağını vurğulayırlar.

Ancaq Rusiyanın əsas narahatlığı dəmir yolu və yük daşımalarının iqtisadi səmərəliliyindən daha çox bu layihənin siyasi və hüquqi arxitekturası ilə bağlıdır. Belə ki, Kremlin iddiasına görə, “Tramp marşrutu” çərçivəsində yaradılması nəzərdə tutulan ABŞ-Ermənistan şirkətində Amerika tərəfinin 74 faiz, Ermənistanın isə 26 faiz paya malik olması planlaşdırılır. Rusiya rəsmi dairələri bu nisbətin Ermənistanın layihə üzərində real nəzarət imkanlarını məhdudlaşdıracağını düşünürlər. Kremlin təqdim etdiyi ssenariyə görə, Ermənistan ərazisindən keçəcək strateji nəqliyyat-kommunikasiya xəttinin idarə olunmasında əsas söz sahibi məhz ABŞ şirkəti ola bilər.

Təbii ki, bütün bunlar Rusiyanın TRİPP layihəsinin adi nəqliyyat dəhlizindən daha genişmiqyaslı geopolitik xarakter daşıyacağından ciddi narahatlığını göstərir. Çünki bu marşrutun yaradılması ilə bağlı proses yalnız yük daşınmalarının təmin olunmasıyla məhdudlaşmır. Marşrutun idarə olunması, təhlükəsizliyi, hüquqi statusu və operatorun hansı ölkənin qanunvericiliyinə bağlı olması kimi önəmli məqamlar da bu layihənin strateji əhəmiyyətini müəyyən edir.

Ona görə də, Kreml tərəfindən xüsusilə olaraq, daha ön plana çəkilən ən önəmli məsələlərdən biri də məhz mümkün hüquqi yurisdiksiya ilə birbaşa bağlıdır. Rusiya siyasi dairələrinin əsas iddiasına görə, bu layihə çərçivəsində yaranacaq hüquqi mübahisələrin məhz ABŞ qanunvericiliyi əsasında həll edilməsi də nəzərdə tutula bilər. Yəni, Kreml bunu Ermənistan ərazisində xarici operatorun xüsusi hüquqi status əldə etmə ehtimalı kimi qiymətləndirir. Və bu baxımdan, hətta Ermənistanda “dövlət daxilində dövlət” modelinin ortaya çıxa biləcəyini qabardır.

Ancaq bu məsələdə önəmli və fərqli bir məqamın olduğunu da mütləq nəzərə almaq lazımdır. Belə ki, bütün bunlar hələlik yalnız Kremlin irəli sürdüyü iddialardan başqa bir şey deyil. Halbuki, layihənin yekun hüquqi sənədləri ortaya çıxmadan həmin iddiaların tam təsdiqlənmiş fakt kimi təqdim edilməsi qətiyyən doğru olmazdı. Buna baxmayaraq, Kremlin məhz belə ziddiyyətli detalları daha ön plana çıxarması Rusiyanın bu layihəyə hansı prizmadan yanaşdığını da aydın şəkildə göstərir.

Digər tərəfdən, Kremlin ən ciddi narahatlıq istiqaməti isə layihənin təhlükəsizlik sistemi ilə bağlıdır. Belə ki, bu layihədə birbaşa iştirak ABŞ-a Ermənistanın cənubunda uzunmüddətli təhlükəsizlik sistemi formalaşdırmaq imkanları verə bilər. Çünki marşrutun təhlükəsizliyinin müəyyən hissəsinin yeni yaradılacaq şirkətə həvalə olunması, ABŞ-ın regiondakı mövcudluğunu genişləndirə biləcək önəmli geopolitik faktorlardan biri hesab olunur. Bu baxımdan, son vaxtlar hətta ABŞ-ın özəl hərbi şirkətlərinin və digər təhlükəsizlik strukturlarının da Ermənistanın cənubunda fəaliyyət göstərmə ehtimalı gündəmə gətirilir.

Əgər, belə bir təhlükəsizlik mexanizmi reallaşarsa, onda Kremlin narahatlığının yalnız geoiqtisadi rəqabətlə məhdudlaşmayacağı da qətiyyən şübhə doğurmur. Ən azından ona görə ki, Ermənistanın cənubunda ABŞ-ın təhlükəsizlik sisteminin yaradılması Rusiya üçün Cənubi Qafqazdakı mövqelərinin daha da zəifləməsi anlamına gələ bilər. Və belə vəziyyətdə Kremlin Ermənistana qarşı priventiv addımların atılmasına məcbur qala biləcəyi də qətiyyən istisna deyil.

Onu da nəzərə almaq lazımdır ki, burada coğrafi faktorlar da xüsusi əhəmiyyət daşıyır. Belə ki, Ermənistanın Zəngəzur bölgəsi İran sərhədinə təmas məkanıdır. Hazırda İran da Ermənistanın cənubundakı mövcud kommunikasiya statusunun dəyişməsinə və regionda ABŞ-ın hər hansı formada təhlükəsizlik sistemi yaratma ehtimalına müqavimət göstərməyə çalışır. Yəni, Rusiya və İranın bu məsələyə münasibətdə mövqelərinin üst-üstə düşməsi qətiyyən təsadüfi deyil. Çünki Rusiya və İranın Cənubi Qafqazda bir sıra ortaq maraqları mövcuddur. Və hər iki ölkə regionda ABŞ-ın hərbi-siyasi təsirinin genişlənməsinə narahatlıqla yanaşır.

Bütün bunlarla yanaşı, “Tramp marşrutu”nun perspektivi Azərbaycan üçün də strateji əhəmiyyət daşıyır. Çünki Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat-kommunikasiya bağlantısının yaradılması bütövlükdə regional logistikanın fəaliyyət istiqamətlərini ciddi şəkildə dəyişə bilər. Digər tərəfdən isə bu, həm də Orta Dəhlizin imkanlarını daha da genişləndirə biləcək önəmli geoiqtisadi layihə hesab olunur.

Ermənistan baxımından isə bu layihə uzun illərdən bəri blokada vəziyyətində olan bu ölkəyə nəqliyyat-kommunikasiya sisteninə birbaşa çıxış imkanları qazandıra bilər. Eyni zamanda, “Zəngəzur dəhlizi”nin Ermənistana həm də yeni tranzit gəlirlərinin əldə edilməsi baxımından, önəmli fürsətlər yarada biləcəyi qətiyyən istisna deyil. Məhz buna görə də, Rusiya və Ermənistanın bu layihəyə yanaşmaları arasında kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Ermənistan üçün əsas məsələ yeni nəqliyyat-kommunikasiya və investisiya imkanları əldə etməkdir. Rusiya üçün isə əsas sual bu prosesin Cənubi Qafqazdakı geostrateji təsir balansını kimin xeyrinə dəyişə biləcəyi ilə birbaşa bağlıdır.

Əslində, “Tramp marşrutu” ətrafında dərinləşməkdə olan ziddiyyətlər həm də Cənubi Qafqazda köhnə geopolitik düzənin tədricən dağılmaqda olduğunun yeni göstəricisi hesab edilir. Belə ki, vaxtilə Rusiyanın uzun illər dominant olduğu bu regionda indi ABŞ, Türkiyə, Azərbaycan və Avropa Birliyinin təsir imkanları sürətlə genişlənir. Ermənistan isə Rusiya ilə ənənəvi təhlükəsizlik tərəfdaşlığından tədricən uzaqlaşmağa və Qərbin timsalında artıq yeni alternativ formatlar axtarır.

Bu baxımdan, Kremlin rəsmi İrəvana qarşı narazılığı əslində, sadəcə, bir nəqliyyat-kommunikasiya layihəsinə yönəlik etiraz deyil. Bu, daha çox Rusiyanın Cənubi Qafqazdakı qarşısıalınmaz xarakter daşıyan geopolitik transformasiyaya verdiyi sərt reaksiyadır. Belə ki, Kremlin əsas narahatlığı ondan ibarətdir ki, Ermənistanın cənubundan keçəcək yeni nəqliyyat-kommunikasiya xəttinin regional nəticələri yalnız Azərbaycanla Naxçıvanı birləşdirməklə, məhdudlaşmayacaq. Yəni, bu logistika layihəsi eyni zamanda, ABŞ-ın Cənubi Qafqaz regionunda uzunmüddətli iqtisadi, siyasi və təhlükəsizlik iştirakının əsas təməlinə çevrilə bilər.

Belə anlaşılır ki, əgər, bu ssenari reallaşarsa, onda Zəngəzurda qurulacaq yeni tranzit xətti Cənubi Qafqazın ən önəmli "geopolitik düyünlər"indən birinə çevrilə bilər. Bu halda isə əsas məsələ artıq bir nəqliyyat-kommunikasiya xəttinin haradan keçməsi deyil, məhz həmin marşrutun arxasında hansı qlobal gücün dayanması olacaq. Ona görə də, Rusiya TRİPP layihəsinin reallaşacağı təqdirdə, Ermənistanın Zəngəzur bölgəsinin xarici ölkənin "işğalı" altına düşmüş vəziyyətdə olacağını iddia edir. Və Kreml ABŞ-ın Cənubi Qafqaza məhz hərbi nəzarət mexanizmləri ilə yerləşməyə çalışdığına eyham vuraraq, bu "işğal"ın uzunmüddətli ola biləcəyi ilə bağlı Ermənistana açıq xəbərdarlıq da edir.(musavat)

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam