Sən güclüsən!..

İnsan oğlu yaranandan gah xeyirdə, gah şərdə,
Ömür boyu neçə düyün çözəcəksən, əzizim,
Tab gətirdin indiyəcən min sınağa, min dərdə,
Sən güclüsən, minbirə də dözəcəksən, əzizim,
Səni yenmək istəyəni əzəcəksən, əzizim!
Bax yenə də bahar gəlib, sellər-sular daşacaq,
Yenə bülbül yaxa yırtıb təzə nəğmə qoşacaq,
Bağçalarda qızılgüllər, yasəmənlər açacaq,
O güllərdən dəstə-dəstə üzəcəksən, əzizim,
Sevdiyinin tellərinə düzəcəksən, əzizim!
Ümid, inam insan üçün qoşa qanad kimidir,
Duyğular var ürəklərdə, abi-həyat kimidir,
Zülm adlı bir əjdahayla əlbəyaxa dəmidir,
Yüz başı da olsa onun, kəsəcəksən, əzizim!
Bütöv, azad Vətənində gəzəcəksən, əzizim!
İmarət Cəlilqızı
fevral ,1999-cu il










AZ
RU