Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Kremlin yeni nüvə təhdidinin pərdəarxası:Qərb kəşfiyyatı NATO-ya “Rusiya tezliklə vuracaq” xəbərdarlığı etdi

Kremlin nüvə təhdidi və Avropa kəşfiyyat qurumlarının “yaxın aylarda Rusiyanın NATO-nu sınağa çəkəcəyi” barədə xəbərdarlıqları qətiyyən bir-birindən ayrı məsələlər deyil... Və bu baxımdan, NATO-nun şərq cinahında yaranmış son gərgin vəziyyət Qərb ölkələrinin Rusiya ilə hərbi toqquşma təhlükəsinə artıq ciddi şəkildə yaxınlaşdığını göstərir...

Yenixeberorg.biz: Avropa ölkələri arasında NATO-Rusiya qarşıdurmasının yeni və daha təhlükəli mərhələyə keçə biləcəyi barədə xəbərdarlıqlar intensivləşməyə başlayıb. Bu baxımdan, Rusiyanın Kalininqradla bağlı nüvə təhdidlərini sərtləşdirməsi Qərb paytaxtlarında olduqca ciddi narahatlıq yaradıb. Üstəlik, Avropa ölkələrinin kəşfiyyat strukturlarının son iddialarına görə, Rusiyanın yaxın vaxtlarda NATO-nun hərbi müdaxiləyə mümkün reaksiyasını sınağa çəkə bilər. Həmin iddialarda Kremlin məhdud hərbi addımlara əl ata biləcəyi ehtimal olunur. Buna paralel olaraq isə Rusiya Qərb tərəfindən Kalininqradın təcrid edilmə cəhdlərini mümkün müharibə ssenarisi kimi təqdim edir. Və Kreml bu hərbi-siyasi prosesin davam etdiriləcəyi təqdirdə, Kalininqradın müdafiəsi üçün hətta nüvə silahından istifadə ehtimalını da açıq mətnlə gündəmə gətirir.

Maraqlıdır ki, Danimarka Müdafiə Kəşfiyyat Xidmətinin açıqladığı son hesabatda Rusiyanın NATO ərazisinə məhdud zərbə endirməsi və ya kiçikmiqyaslı hərbi müdaxiləsi ilə bağlı riskinin “aşağı, ancaq artan” olduğu bildirilir. Rusiyanın NATO-ya qarşı savaş ssenariləri sırasında Ukraynaya hərbi dəstəklə əlaqəli infrastrukturun uzaqmənzilli raketlərlə vurulması, azsaylı qüvvələrlə, hətta fərqləndirici nişanlar olmadan sərhədyanı əraziyə daxilolma və alyansın kollektiv müdafiə mexanizminin reaksiyasının yoxlanılması kimi ehtimallar göstərilir. Və bununla belə, kəşfiyyat qurumu eyni zamanda, Rusiyanın NATO-ya qarşı genişmiqyaslı hərbi işğal planının reallaşdırılmasının yaxın perspektivdə yüksək ehtimallı olmadığını da vurğulayıb.

Ancaq Avropa ölkələrinin kəşfiyyat dairələrinin digər hesabatlarında isə Rusiyanın mümkün hücumunun mütləq klassik hərbi işğal formasında olmayacağı xusuilə qeyd edilir. Həmin hesabatlarda PUA-larla və raketlərlə məhdudmiqyaslı zərbə, önəmli infrastruktur obyektlərinə qarşı sabotaj, kiberhücum və ya “başqasının adı ilə” təxribat kimi variantlardan NATO-nun daxilində hərbi-siyasi fikir ayrılıqlarını dərinləşdirmək üçün istifadə edilə biləcəyi vurğulanır. Və hazırda Qərb siyasi dairələrinin əsas narahatlığı da belə addımların miqyasından çox, məhz onun NATO-nun kollektiv müdafiə prinsipinin işləkliyini sınağa çəkməsi ilə bağlıdır.

Digər tərəfdən, mövcud hərbi-siyasi gərginliklə bağlı önəmli ziddiyyətlərin olduğu da inkaredilməz reallıqdır. Belə ki, Baltikyanı ölkələrdə və NATO rəhbərliyində hazırda Rusiyanın yaxın vaxtlarda genişmiqyaslı hücuma hazırlaşdığını göstərən konkret əlamətlərin olmadığı etiraf edilir. Və hətta NATO-nun baş katibi Mark Rutte belə, bu hərbi-siyasi alyansa üzv ölkələrin ərazisinə Rusiyadan “dərhal təhlükə” olmadığını bildirib.

Məsələ ondadır ki, NATO baş katibinin sözlərinə görə, Finlandiya, Polşa, eləcə də, Baltikyanı ölkələrə qarşı hərbi əməliyyatlardan öncə Rusiyanın genişmiqyaslı savaş hazırlıqları da mütləq müşahidə olunmalıydı. Bu baxımdan, Avropa ölkələrini narahat edən əsas təhlükə tezliklə başlaya biləcək genişmiqyaslı Rusiya-NATO müharibəsi deyil. Yəni, mövcud təlaş daha çox hərbi-siyasi qarşıdurmanın tədricən “boz zona”dan məhdudmiqyaslı birbaşa toqquşma mərhələsinə keçə biləcəyi ilə bağlıdır.

Onu da qeyd etmək lazımdır ki, mövcud situasiyanın gərginləşmə intensivliyi Rusiyanın Kalininqrad şəhəri ətrafındakı qarşıdurma ilə bağlı xüsusilə böyük əhəmiyyət daşıyır. Belə ki, Rusiya ərazisinin əsas hissəsindən ayrı yerləşən bu eksklav Kremlə Litva və Polşa arasında Baltik dənizinə birbaşa çıxış imkanları qazandırır. Üstəlik, bu şəhər Rusiyanın Avropadakı ən önəmli hərbi-strateji dayaqlarından biri hesab olunur. Kalininqradla Belarus arasındakı Suvalki dəhlizi isə Baltikyanı ölkələri NATO-nun digər hissəsi ilə birləşdirən strateji quru bağlantısıdır. Və ona görə də, bu ərazi üzərində hər hansı hərbi-siyasi böhran avtomatik olaraq, Kalininqradı NATO-Rusiya qarşıdurmasının ən həssas nöqtələrindən birinə çevirə bilər.

Təbii ki, Rusiyanın verdiyi son xəbərdarlıq mesajı isə məhz bu hərbi-siyasi həssaslığı daha da artırır. Belə ki, Rusiyanın İrlandiyadakı səfirliyi NATO-nu Kalininqradın Rusiyanın əsas ərazisindən təcrid olunmasına yönəlik cəhdlərdən çəkinməyə çağırıb. Ardıncasa, belə cəhdlərin qarşılığında Rusiyanın “bütün arsenalından, o cümlədən, nüvə silahından” da tərəddüdsüz istifadə etməyə hazır olduğunu bildirib. Və bu xəbərdarlıq mesajında Rusiyanın mümkün birbaşa silahlı qarşıdurmanın məhz ilkin mərhələsində NATO ölkələrindəki qərar qəbuletmə mərkəzlərinə dağıdıcı zərbə endirə biləcəyi olduqca təhdidkar tonla vurğulanıb.

Maraqlıdır ki, bəzi Qərb ekspertləri bu təhdid xarakterli xəbərdarlığı arxasında Kremlin real hərbi ssenarisindən daha çox Rusiyanın NATO ölkələrində xof yaratmaq niyyətinin dayandığını düşünürlər. Ancaq onların fikrincə, sadəcə, xof yaratma cəhdlərinin olması belə, Avropa ölkələrinə qarşı hərbi müdaxilə təhlükəsini qətiyyən azaltmır. Çünki Rusiyanın məhz nüvə təhdidlərinin intensivləşməsi qarşıduran tərəflərin hərbi manevrlərini də daha təhlükəli istiqamətlərə yönəldir.

Məsələ ondadır ki, Kreml Kalininqradın blokadasını Rusiyaya qarşı potensial hərbi təcavüz cəhdi kimi təqdim edir. Halbuki, NATO isə hazırda öz hərbi fəaliyyətinin yalnız müdafiə xarakterli olduğunu ön plana çəkməyə çalışır. Beləliklə də məzmunca eyni hərbi fəaliyyət hər iki tərəfin müxtəlif yanaşma tərzi nəticəsində tamamilə fərqli təhlükə prizmasından qiymətləndirilir. Xüsusilə də, Litva, Polşa və Fransanın regionda ortaq hərbi təlimləri Rusiya tərəfindən kəskin reaksiya ilə qarşılanıb.

Çünki Kremldə hesab edirlər ki, belə hərbi manevrlər Rusiyanın Kalininqrad şəhərinin mümkün blokadasına hazırlıq xarakteri daşıyır. Ancaq Rusiyanın bu yanaşma tərzini doğrulaya biləcək hər hansı ciddi dəlil də mövcud deyil. Bu səbəbdən də, Rusiyanın həmin təlimlərə yönəlik sərt reaksiyası sadəcə, yalnız Şərqi Avropa regionunda qarşılıqlı təhlükə qavrayışını daha da qəlizləşdirməkdən başqa heç nəyə yaramır.

Bununla yanaşı, NATO ölkələrinin qorxduğu əsas ssenari yalnız Rusiya tanklarının sərhədləri keçə biləcəyi ilə bağlı deyil. Çünki son vaxtlar Avropanın müxtəlif ölkələrində dəmir yolları, müdafiə sənayesi, logistika, rabitə və digər önəmli infrastruktura qarşı ehtimal edilən sabotaj və kiberhücumlar təhlükəsizlik gündəminin tərkib hissəsinə çevrilib. Danimarka kəşfiyyatı isə Rusiyanın belə hibrid fəaliyyətlərinin yaxın vaxtlarda daha dağıdıcı xarakter ala biləcəyini və bununla NATO daxilində parçalanma yaratmağa cəhd göstəriləcəyini bildirib.

Göründüyü kimi, yaxın gələcək üçün Rusiya və Qərb arasında əsas təhlükə xətti artıq yalnız Ukrayna savaşı üzərindən müəyyənləşmir. Çünki hazırda Avropanın yeni təhlükəsizlik xəritəsində bir-birinə bağlanan strateji nöqtələrin də tədricən hərbi hədəfə çevrilməkdə olduğu müşahidə edilir. Ən təhlükəli ssenari isə böyük müharibənin əvvəlcədən elan edilməsi deyil, hər hansı kiçik bir hücumun, sabotajın, PUA zərbəsinin və ya sərhəd insidentinin qarşıduran tərəfləri uzunmüddətli “hərbi eskalasiya zənciri”nə düçar etməsi ilə bağlı ehtimaldır.

Belə anlaşılır ki, Kremlin nüvə təhdidi və Avropa ölkələrinin kəşfiyyat qurumlarının “yaxın aylarda NATO-nun sınağa çəkilə biləcəyi” barədə xəbərdarlığı qətiyyən bir-birindən ayrı məsələlər deyil. Çünki birincisi, Rusiyanın NATO-ya yönəlik çəkindirmə strategiyasını, ikincisi isə Qərbin üzləşə biləcəyi mümkün hərbi və hibrid təzyiq ssenarilərinə hazırlığını əks etdirir. Və NATO-nun şərq cinahında yaranmış son vəziyyət Qərb ölkələrinin Rusiya ilə hərbi toqquşma təhlükəsinə ciddi şəkildə yaxınlaşdığını göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam